Mübariz İbrahimov haqqında

ZUOU

ZAUR  USTAC

“ORİYENTİR  ULDUZU” (PDF: ZU — OU)

Yuxarısinif şagirdləri üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutulmuş   povest  Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunub.

Birinci fəsil

17.06.2010-cu il, saat 21:00 “TG” istiqamətində təmas xətti

– Seyid, indi ANS-in xəbərləri başlayacaq, televizoru açaq? – deyə əsgərlərdən biri soruşdu.

– Aç. Aç, görək nə deyirlər?..

Elə bil televizor da hazır dayanmışdı, qoşulan kimi 21-in xəbərlərinin başlandığını bildirən video-çarx getməyə başladı.

– O, çiynində kamera olan oğlan var ha, onu tanıyıram. Adı Azərdi… Köhnə məhəllədə qonşu idik! – deyə əsgərlərdən biri dilləndi.

– Ehhh, sən də elə hər xəbər başlayanda onu deyirsən… – yerdən söz atdılar.

– Neyniyim e?..

– Sakit durun, görək nə deyirlər! – deyə axır ki, Seyid dilləndi.

Blindaja ani bir sükut çökdü. Düzü, bura blindaj deməyə adamın dili də gəlmir. Sizdə ümumi təsəvvür yaratmaq üçün deyə bilərəm ki, adi tələbə yataqxanasındakı otağın şəraitindən qat-qat yaxşı şəraiti var. Həftədə bir dəfə dəyişdirilən yataq ağları, əl-ayaq dəsmalları, bayırda ayrıca hamam, fasiləsiz elektirik enerjisi. Qəza halları üçün nəzərdə tutulan, əsgərlərin öz aralarında “dvijok” adlandırdığı, benzinlə işləyən elektirik generatoru və s. Bütün bunlardan əlavə, kütləvi qırğın silahlarının tətbiqinin nəticələri də nəzərə alınmaqla müdafiə məqsədilə möhkəmləndirilmiş bir otaqdan söhbət gedir. Yəni blindaj dediyimiz otaq döyüş üçün əsl topdağıtmaz qala olmaqla bərabər, istirahət üçün də 3 ulduzlu bir otel nömrəsindən geri qalmırdı.

– “Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba kəndləri istiqamətində ermənilər atəşkəsi pozmuşdular. Düşmən cavab atəşi ilə susdurulmuşdur…” – aparıcının səsi eşidildi.

– Pozmadıqları gün olur ki? – deyən Seyid ayağa qalxdı.

Əlini zərblə stolun üstünə vurdu. Yaxşı ki, stolun üstündə dəftər-kitabdan başqa bir şey yox idi… Az qala bütün blindaj silkələndi.

– Pozublar, pozublar!.. Qurban olum, ay Allah, sən özün mənə səbr ver… – deyə Seyid bayıra çıxdı. Tranşeylə lap ön müşahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, sanki göz dağına çevrilmiş bu dağlar ağırlığında suallar sıxmağa başladı onu.

«Görəsən, “HÜCUM” əmrini çoxmu gözləyəcəyik? Bircə, cənab Ali Baş Komandan bu “HÜCUM” əmrini versəydi! Bəs, bu torpaqları kim azad edəcək?! Bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb son mənzilinə çatdıracağıq?» Düşünə-düşünə dərə boyu daglara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi, o da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu kənd Çaylıdır. Adından da göründüyü kimi, vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf qalxanda Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çaykənarı üzü Günbatana sağ tərəflə, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, yol ayrıcı dərədədir, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldür. Dəstəgüldə qışda qar dizdən olsa da, dərədəki bulağın başında artıq fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O bənövşələrin qurusu indi də postdakı dəftər-kitabların arasında durur. Təzələrini dərməyincə, uşaqlar atmaq istəmirlər. Necə də olsa bu quru bənövşələr vətən torpağının bir nemətidir. Bundan əlavə, hər quru bənövşənin öz tarixçəşi var. Hər biri bir əsgər yadigarıdır… Dəstəgüldən sonra üzü günbatana aşırımlar aşsan, Keçəldağ, sonra Murova qədər gedib çıxarsan… Fermanın yanından dolamalarla sol tərəfə qalxsan, Tonaşen-1, Tonaşen-2, Tonaşen-3… Əgər son zamanlar dağıtmayıblarsa, yolun qırağında qədim Alban kilsəsi də olmalıdır – kəşfiyatçılarımız yolüstü həmişə orada dayanıb dincələr, istəyənlər siqaret çəkərmiş, ya da oranı görüş yeri təyin edib döyüş tapşırığını yerinə yetirdikdən sonra orada görüşüb, birlikdə qayıdarmışlar…

…Seyid Çaylıya baxır, nəzərləri ölü bir nöqtədə ilişib qalırdı. Xəyalında isə İrəvana dogru yol başlayırdı bu nöqtədən, gözünü çəkə bilmirdi, göz dağına çevrilmişdi bu Çaylı… Düşünürdü ki, lap qoy olsun, bu kəndə bir tabor, taborun dayaq məntəqəsi. Qoy olsun, bu şərəfsizlərin adam tapıb doldura bilmədikləri ala-yarımçıq ştatla 100-120 nəfər. Aləm bir-birinə qarışsa, qoy, bu şərəfsizlərə 20-30 şərəfsiz də köməyə gəlsin. O da gəlib çata bilsə… Vallah, heç nə yoxdu, bu 150-160 kölgəsindən qorxanın öhdəsindən tək gələrəm. Bir əmr gələ, lap İrəvana qədər gedərəm…

Seyid fikirləşə-fikirləşə özünə o qədər arxayın olurdu ki, xəyalında canlandırdığı Çaylıdakı tabor indi onun gözündə uşaq vaxtı hardasa qarşılaşdığı ən zəif, ən çəlimsiz uşaqdan da zəif görünürdü. Bir sözlə, Seyidin gözü bu taboru çoxdan yemişdi…

– Seyid, yenə nə fikirləşirsən? – bu səs Seyidi sanki yuxudan oyatdı.

– Nə bilim e, vallah, bir şeyi başa düşə bilmirəm ki, bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? “Qrajdaniski”-də dözmək olmur, deyirsən gedim orduya. Orduda dözmək olmur, deyirsən gedim ön cəbhəyə. Burda heç dayanmaq olmur, şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar… Lap dəli oluram. Ya Allah, sən özün mənə səbr ver…

Seyid blindaja keçdi, yerində oturub bir çay içdi.

Elə bil, nəsə ürəyinə dammışdı, ancaq yenə sabah bu vaxtı nələr olacağından əsla xəbəri yox idi… Ola bilsin bəlkə də seyid fəhmı ilə nəsə duymuşdu…

Xüsusən, son vaxtlar onda belə bir fikir yaranmışdı ki, Uca Tanrı istədiyi bəndəsinə lazımi məqamda, haqq işi üçün elə bir güc verər ki, böyük bir ordu belə, bu gücün qarşısında aciz qalar. Necə ki, uzaq keçmişimizdə Həzrəti Əli Allahin iradəsilə düşmən ordusu ilə dəfələrlə təkbaşına döyüşə girmiş, həmişə də onun köməkliyi ilə qalib olmuşdur.

Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi. Həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdur. Ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top və Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır. Əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməzdi. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışarkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kq-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub atəş edərək, düşmənin ən ünlü gəmilərindən birini vurur… Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb topun lüləsinə yeritməkdən əlavə, burda iki maraqlı məqam Seyidi düşündürürdü: birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə, heyət nəfəri idi; ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir…

Seyid özü üçün yəqinləşdirir ki, Cənabi-Haqq istədiyi məqamda adama elə bir güc verər ki, uca dağlar belə onun qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirinə olan eşqi ilə Bisütunu yerlə bir etmişdi…

– Allahım, mənə də belə bir güc ver! Əllərini Haqqın dərgahına uzatdı Seyid. Nə fikirləşdisə, qələm-dəftər götürüb yazmağa başladı: “Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun! Oğlunuz Mübariz. Haqqınızı halal edin.”

– Ya Allah, sən özün mənə səbr ver. Sən özün kömək ol – deyib dəftəri örtdü. Gecədən xeyli keçmişdi. Seyid qalxıb blindajdan çıxdı. Yenə lap ön müşahidə nöqtəsinə getdi. Postdakı əsgərlə bir az söhbət etdi. Ayıq ol! – tapşırdı. Atışma olsa, nə edəcəyi barədə bir də soruşdu. Qayıdıb, blindaja gəldi, öz yerinə uzandı. Baxışları qeyri-iradi tavandakı xırda bir nöqtəyə zillənmişdi. Tavana baxsa da, dərə boyunca, dağların arxasında uzanan yollarla İrəvana qədər gün kimi aydın görürdü….

İkinci fəsil

18.06.2010-cu il “ TG “ cəbhəsi, Seyidin postu.

Bu gün lap isti idi, ya da adama belə gəlirdi. Bir də ki, isti olacaq də, yayın oğlan çağıydı, ancaq buna isti demək olmazdı. Vallah, elə bil torpaqdan od qalxırdı. Sanki Günəş dağların arxasına keçdikcə, torpaqdan qalxan isti daha da artırdı…

– Bu gün nə yaman sakitlikdir, yəqin istiyə görə öz yuvalarına çəkilib yatıblar, – deyə əsgərlərdən biri dilləndi.

– Bu sakitliyin bir zibili çıxacaq – Seyid cavab verdi.

Axşamın qaranlığı ilə şərəfsizlərin ilk güllələri gəlməyə başladı. Çox maraqlı idi. Həmişəkindən fərqli olaraq əsgərlərin “trassuyuşşi” adlandırdığı işıqlandırıcı – yandırıcı güllələrlə düz blindajın üstünə atırdılar. Ara-sıra ön müşahidə məntəqəsinin qarşısına “AQS” mərmiləri də düşüb partlayırdı. Sanki özlərinin bu cür blindajlarının olamamağının paxıllığını çəkirdilər…

Hətta düzün ortasında güllənin altındakı yaxşı səngərə də paxıllıq edir bu şərəfsizlər… Çox maraqlıdır ki, əziyyət çəkib özləri düzəltmək istəmir, hazırına nazir olmaq istəyir bu şərəfsizlər… Özlərində olmayan (nəyi var ki, bu bədbəxtlərin) yaxşı bir şey gördükdə, əvvəlcə istərlər ağlayıb-sıtqamaqla ona sahib olsunlar. Gördükdə ki, bir şey hasil olmur, başlayarlar xoruzlanmağa – bəs burda mənəm, Bağdadda kor xəlifə, bu saat onu verməlisən mənə. Bu variant da kara gəlməyəndə, zora əl atarlar, əl-altdan iş görərlər, ayaq altını qazarlar, mənim deyil, qoy, onun da olmasın deyib dağıdarlar, yandırarlar, məhv edərlər bu şərəfsizlər… Bu da onların xislətindən  irəli gəlir.

Odur ki, belə bir vəziyyət Seyidin diqqətindən qaça bilməzdi. Bu şərəfsizlər kimə nəyi nişan verirlər? Anlaya bilmədim – düşündü Seyid.

Seyid tranşeylə ön müşahidə məntəqəsinə getdi.

Hava qaraldıqca atəş açılan yerlər açıq-aşkar bilinirdi. Həmişə atdıqları yerdən – öz yuvalarından atırdılar. Nədənsə, bu səhnə həmişə “Tom və Ceri” cizgi filmini xatırladırdı Seyidə. Özündən asılı deyildi, neyləsin? Həmişə də onlar atmağa başlayanda üzündə xəfif təbəssüm cizgiləri yaranırdı. İndi də üzündə təbəssüm, inşallah, hamınızı elə o yuvalarda su ilə boğacayıq, sizə heç güllə də düşmür. Düşüncəli halda blindaja qayıtdı. – Bu “Hücum” əmri nə vaxt olacaq, ay Allah? – Sualı burğu kimi beynini deşdi Seyidin…

Şəxsi heyəti örtülü meydançada düz! – deyə köməkçisinə göstəriş verdi.

“SİLAHA” – köməkçinin komandası eşidildi.

Əsgərlər bir göz qırpımında silah-sursatlarını götürüb örtülü meydançada düzüldülər.

Seyid silah otağına keçdi. “Ya Allah, sən özün kömək ol!» – nidası silah otağının ən uzaq küncündəki, ən kiçik çatdakı, ən xırda cücünü də oyatdı. O, heç xəyalına belə gətirə bilməzdi ki, bir neçə saatdan sonra nələr olacaq?.. Seyid, sadəcə, uşaq vaxtı dönə-dönə oxuduğu “Koroğlu” dastanından yadında qalan Koroğlunun hər səfər qabağı “altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altandan qıfıllandı” deyimi ilə gerçəkləşən, “yayda bürüncəyini götür, qışda özün bilərsən” atalar sözü ilə min illərin süzgəcindən süzülüb gələn, igid ehtiyatı əldən verməz prinsipinin tələblərinə uyğun hərəkət edirdi. O, dəfələrlə komandirlərindən eşitmişdi ki, adi bir kibrit çöpünün də həyati əhəmiyyəti ola bilər. Çox gözəl bilirdi ki, qalibiyyətli döyüş yaxşı hazırlıqdan çox asılıdır. Odur ki, ehtiyatı əldən verməzdi heç vaxt. Bura döyüş bölgəsidir, hər an hər şey ola bilər. Əsgər hər an ən qızğın, həlledici döyüşə girməyə hazır olmalıdır.

Düşünə-düşünə əsgərlərin “lifçik” dediyi üzərində silah-sursat daşımaq üçün çoxlu cibləri, arxasında çantası olan jiletini geyindi. Özünün ikidəstəkli qatlama avtomatını götürdü, əlavə sandıqları “lifçik”-in ciblərinə yerləşdirdi, Nə qədər yerləşdirə bildisə, o qədər əl qumbaraları götürdü, “lifçik”-in arxa cibinə əlavə patron və əl qumbaralarını yerləşdirdi. Çıxmaq istəyirdi ki, üst-başına bir də baxdı – bu, “yüz ölç, bir biç” məsəlinin tələblərindən irəli gəlirdi. İki ədəd də tüstü şaşkası götürdü. Silah otağının qapısından çıxarkən gözü divardakı jilkaya sataşdı. Onu da götürüb şalvarın yan cibinə qoydu. Bayıra bir addım atmışdı ki, “FARAĞAT” – köməkçinin komandası eşidildi. Bu vaxt Seyidin kölgəsi örtülü meydançaya çıxmışdı.

Seyid örtülü meydançaya çıxdı, döyüşə hazır vəziyyətdə, bir cərgə düzülmüş əsgərləri gözdən keçirdi. Köməkçi sıradan bir addım qabağa çıxıb məruzə etdi:

– Yoldaş gizir, döyüş heyəti döyüşə hazırdır!

– Azad!- deyə Seyidin amiranə səsi sükutu pozdu.

– Hamınız diqqətlə dinləyin. – Seyid döyüş tapşırığını və hesabatı bir daha əsgərlərin diqqətinə çatdırmağa başladı. – Əsas hesabatı hamı bilir, bu olacaq “A” qaydası, yəni bu qaydada hamı həmişəki qaydada öz yerlərini tutur, əmri məndən alır. Yox, əgər qeyri-adi nəsə olsa, keçəcəyik “B” qaydasına. “B” nədi? Bu qaydada mən yoxam, əmr və göstərişləri nə qədər sağdı, köməkçidən alarsınız. Əgər işdi, ona da nəsə olsa, onda hər kəs özünə komandirdir. Heç kim əlavə kömək gələnə qədər durduğu yerdən bir addım da kənara atmır, tualet kimi dayandığınız yerdən istifadə edə bilərsiniz. İcazə verirəm. Lazım gəlsə, hamı dayandığı yerdə ölür, ancaq bir addım kənarda olmaz! Heç kim deməsin ki, mən yoxam. Yuxarıdan baxacam. O dünyada da əlimdən qurtara bilməzsiniz. Aydındır?!

– Elədir ki var!

– Sual var?

– Sual yoxdur!

– Diqqət! Düzlən! Farağat! Döyüş qaydası “A” olmaqla, döyüşə!

Əsgərlər hesabata uyğun təhkim olunduqları postlara qaçdı. Seyid özü lap öndəki müşahidə məntəqəsinə getdi. Düşmən əsgərləri həmişə atdıqları yerdən ara-sıra atırdılar. Seyid “trassiyuşşi” güllələrin uçuşduğu səmtə yox, başqa tərəfə – təpələrin qurtardığı, qaranlıq dərələrin başladığı səmtə baxırdı, sanki nəsə axtarırdı bu qaranlıq, boz təpələrin kölgəsində. Başqa vaxt Ay işığında hər yan süd kimi aydın görünsə də, indi elə bil Ay da düşmən tərəfində idi. Üzünü nazla göstərir, tez də buludların arxasında gizlənirdi. – Nə olar, Ay qardaş, bütün dünya bu şərəfsizlərin tərəfindədir, heç olmasa, sən bizim tərəfimizdə ol barı, axı bayrağının üstündə sənə yer verən bizik, onlar deyil. – Sanki axırıncı kəlmələr Ayın lap heysiyyatına toxundu, bir anlığa olsa da, boz çöllərə, qaranlıq dərələrə süd aydınlığı gətirdi.

– Aha, ora bax! – nəhayət, Seyid axtardığın tapdı.

Gördüyünü dəqiqləşdirmək üçün köməkçidən soruşdu:

– Oriyentir 2-dən 100 metr sağa təpənin qurtaracağına bax, gör bir şey görürsən?

– Hə, hə, təpənin dibi ilə əyilə-əyilə gəlirlər. – Onlar birlikdə saymağa başladılar: bir, iki, üç, dörd, beş, altı… Çox axtardılar, bəs yeddinci hardadır, görəsən, yoxsa elə cəmi altı nəfərdir?..

Yeddinci yoxdur. Hə, yüz faiz altı nəfərdir, – deyə Seyid düşündü – bu da onların adam tapıb doldura bilmədikləri manqa. Çox maraqlıdır, bu altı nəfər sallana-sallana niyə gəlir? – öz-özünə fikirləşdi.

Nəhayət, köməçiyə vəziyyətə uyğun tapşırıqlarını verdi:

1. Aşağı xəbər ver;

2. Keçdik “B”-yə;

3. Oriyentir 1-i keçənə qədər heç kim atəş açmır, qoyun gəlsinlər;

4. Mən getdim, Oriyentir 3-ün yaxınlığında onların arxasında olacam.

Üçüncü fəsil

– “Ya Allahın adı” – “DÖYÜŞƏ”!

Son tapşırıqlarını verib, gündə min yol baxışları ilə getdiyi yolu indi üzüaşağı Çaylıya tərəf getməyə başladı. Ya Allah, ey Həzrəti Əliyə şir gücü verən Allahım, Seyit Çavuşa o gücü verən Uca Tanrım, hər şey sənə xatir, sənin adınla – mənə güc ver, məni düşmənin yanında xar eləmə!..

Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul olunması kimi qəbul etdi Seyid. Bir andaca hər tərəf zülmət qaranlığa qərq oldu. Bununla Uca Tanrı Seyidin yolunu açır, bu işə öz razılığını bildirirdi. Seyid dərə aşağı elə gedirdi ki, sanki uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu yerlərin hər iki tərəfdən dəfələrlə minalandığını bilsə də, sanki indi yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi, qovurdu kol-kosu.

Göz-gözü görmürdü, Seyid nə vaxt üçüncü oriyentirə çatdığını heç özü də bilmədi. Bu vaxt atəş səsi eşidildi. Güllələrdən onun yanından  keçəni də oldu. Əvvəlcə yerini möhkəmlətdi, sonra ətrafa göz gəzdirdi. Onun postundan atırdılar, – nə tez çatdılar, – deyə öz-özünə fikirləşdi. Bir-iki qatar da atdılar. – Bəs bu şərəfsizlər niyə atmırlar, hara yox oldu bunlar? – Seyid təmkinlə düşündü. Birdən lap yaxınlıqdan – onun 35-40 addımlığından atəş açıldı. – Hə, demək burdasınız… İndi baxaq görək vəziyyət necədir?

Bir-iki qatar da qarşılıqlı güllələr uçuşdu. Seyid sanki film seyr edirmiş kimi, izləyirdi mənzərəni. Bu an onun postunda tək-tək üç-dörd güllə atıldı. Elə bil qarşısında bomba partladı. Gecənin qaranlıq və sakitliyində tükürpədici səslə necə vay-şivən qopdusa, Seyid bir az da diksinən kimi oldu. O, çox eşitmişdi, ancaq görməmişdi. – Yəqin qan görüblər – düşündü Seyid. Səs gələn tərəfə addımlamağa başladı.  Seyid iti, olduqca yumşaq addımlarla səsə tərəf irəliləyirdi. Qarışıq, anlaşılmaz səslər eşidir, ancaq hələ heç nə görmürdü? Qəflətən Ay işığında nəsə parladı. Cəld özünü yerə atdı. Sürünə-sürünə balaca təpənin üstündəki kolun dibinə gəldi. Səsə tərəf boylandı, Ay da öz köməyini əsirgəmədi. İndi o, beş düşmən əsgərini aydın sayırdı. Bəs altıncı hanı? Bir az da qalxıb boylandı. Bunlara nə olub belə, niyə çaş-baş düşüblər? – Seyid anlaya bilmirdi. Özlərini elə itirmişdilər ki, bir-bir tutub aparsan da xəbərləri olmazdı. Bunun ciddi bir səbəbi olmalı idi. Ay bir də parlayanda əsərin qəhrəmanı ortaya çıxdı. Seyid gördü ki, topa dayanıb, vay-şivən qoparanların ortasında yerdə nəsə çapalayır. Diqqətlə baxanda məlum oldu ki, qan məsələsi dəqiqdir. Şərəfsizlər yaralı yoldaşlarına köməklik etmək əvəzinə, başına yığışıb, vay-şivənlə olan-qalan canını alırdılar. Bu mənzərə Seyidi bir az təəssüfləndirdi.

Seyid düşünürdü ki, hansı üsulla onların külünü göyə sovursa, daha ağıllı qərar olar? O, gah əlindəki əl qumbarasına, gah da iki dəstəkli avtomatına baxdı. – Bəlkə yaxınlıqda başqa da kimsə var, ya bunları müşahidə edən var? – düşündü və əl qumbarasının üzərində dayandı. İki qumbaranı hər ehtimala qarşı döyüş vəziyyətinə gətirdi, ancaq məsələni bir qumbara ilə bitirmək lazımdır ki, müşahidəçilər üçün mina mənzərəsi yaransın. Onsuz da hər gecə çaqqal-çuqqal neçə mina partladır, lap hərdən ikisinin dalbadal partladığı vaxtlar olur. Seyid bir neçə addım da irəli gedib, qumbaralardan birini elə atdı ki, ikinciyə ehtiyac qalmadı.

Seyid özünü balaca təpənin arxasında torpağa bərk sıxmışdı. Üstünə tökülən daş-kəsək belə vecinə deyildi. – Görəsən, özümə heç nə olmayıb? – İndi də içində bir təəssüf hissi baş qaldırdı. – Görə bilmədim, heç vaxt da bilməyəcəm, necə uçuşurdular havada.  Təəssüf hissi ilə yavaşca arxası üstə çevrildi. Əvvəlcə bir-bir ayaqlarını, sonra isə növbə ilə əllərini, qollarını tərpətdi. Hər şey qaydasındadır – düşündü. Əslində Seyidin narahatlığı yerində idi. Çünki çölün düzündə bu cür yaxın məsafədə əl qumbarası atmaq atan adam üçün də təhlükəlidir. Seyid bunu çox yaxşı bilirdi. O, yalnız birinci Allah-Taalanın, ikinci də cəldlik və peşəkarlığı sayəsində sağ-salamat qalmışdı. Seyid əsla ölümdən qorxmurdu, planlarının yarımçıq qalacağından narahat idi. Beş-on dəqiqə də keçdi. Qalxıb oturdu. Hadisə yerinə nəzər saldı, Allahdansa, tüstü də çəkilmişdi. Gecənin sükutunu pozacaq bir hənirti belə yox idi. Elə bil heç 10-15 dəqiqə əvvəl burda aləm bir-birinə dəyməmişdi.

Seyid daha 20-25 dəqiqə də ətrafı izlədi ki, görsün səs-səmir var, ya  yox. Tam sakitlik idi. Buludlar da Ayı sərbəst buraxmışdı. Seyid Ay işığında aydın görünən dağlara, dərə-təpəyə, düzlərə və bir də düşmənin qarşıdakı taborunun dayaq məntəqəsinin olduğu ehtimal olunan dərəyə baxdı. – Dəli şeytan deyir, get bunların hamısını biç, yüz faiz bilirəm indi ki, hamısı toyuq-cücə kimi yatışıblar. Bəlkə gedib bu şərəfsizləri bir yoxlayım, televizorda sərsəm-sərsəm guruldayırlar, onlara Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərim. – Götür-qoy etdi. – Ya Allah, getdim eee.

Dərəaşağı, üzü Çaylıya tərəf getməyə başladı. Yol boyu öz-özünə düşünürdü. Qoy olsun orda 100-120 kölgəsindən qorxan, lap 30-40 dovşandan qorxan da  köməyə gəlsın. Hə, bu dovşandan qorxanları necə ləngidə bilərik? – düşünə-düşünə gəlib çıxdı yol ayrıcına. Bu nə yoldu belə? – fikirləşdi, özü də ikisi birdən qoşa. Görəsən, hansı işləkdir? Aşağı-yuxarı baxdı. Aşağı Çaylı, yuxarı dağlar. Sağa-sola baxdı, sağ da qurumuş qanqal, sol da. Hər iki yolu ot basmışdı. Nə fikirləşdisə, əyilib əlinin içini yerə sürtdü. Sonra keçib o biri yolu da həmin qaydada yoxladı. Bax, bu yol işləkdir – xırda qum kimi daşlar var burada – qənaətinə gəldi. İldə-ayda bir maşın gedib-gəlir, mütləq bu yoldur. Hə, indi necə edək ki, bunlar gələ bilməsin? Heç olmasa, geciksin. Şalvarın yan cibindəki jilkanı çıxartdı. Əl qumbarasının birini işlək yolun kənarındakı ən hündür və yoğun quru qanqala elə bərkitdi ki, yüngül bir toxunuşla yola fırlasın. Sonra keçib birini də eyni qayda ilə yolun digər kənarında bərkitdi və jilkanı qumbaraların halqalarına tarım bağladı. Bu qayda ilə bir-birindən dörd-beş metr aralı yol boyu üç tələ və tələlərin tuşunda qanqallığın içində çal-çarpaz tələlər qurdu. Sonra ehtiyatla bütün qumbaraların şpilkalarını düzəltdi. İndi adi yumuru dəmir parçaları bu quru qanqallıqda öz şikarını gözləyən ölüm saçan zəhərli kobra kimi idi. Gözləyirdi ki, quyruğuna basasan, od-alovunu püskürə üstünə.

İşini tamamlayıb, yol aldı uzaqda görünən zəif işığa tərəf. – Gedək, görək orda nə var, nə yox?..

Həmişə bu yolla düşmən mövqelərinə ya ərzaq gələrdi, ya da yoxlama. Həmişə onları tərkibində çoxlu generallar, polkovniklər olan komissiyalar yoxlayıb “5” verərdilər. İndi bu yolla onları yoxlamağa Azərbaycan Ordusunun peşəkar giziri gəlirdi. Özü də bu yoxlama qəfil yoxlama idi. Görək, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədir, neçə alacaqlar bu imtahandan? – düsünə-düşünə Seyid düşmən düşərgəsinə çatdı.

Dördüncü fəsil

Düşmən taborunun dayaq məntəqəsi. Burada həmçinin gələcəkdə postda dayanmaq üçün gənc əsgərləri hazırlayırlar. Gəlib-gedənləri nəzərə alsaq, təxminən – aydın məsələdir ki, onları düzüb saymamışdıq – yüzdən az artıq olar səxsi heyətin sayı…

…Seyid zəif işığın təxminən yüz addımlığında idi. Əgər içəridə əsgərlər yatırsa, yəqin ki, buralarda post olmalıdır. Ətrafa diqqətlə göz gəzdirə-gəzdirə işığa tərəf irəliləyirdi ki, sağdakı əl damına oxşayan binanın tinindən bir əsgər çıxdı. Əsgər avtomatını sinəsindən aşırıb, lüləsi qabağa, əli dəstəkdə düz onun üstünə gəlirdi. Aralarındakı məsafə 15-20 addım olardı. Seyid ani olaraq duruxdu, ancaq tərpənmədi. Gələnə diqqətlə baxdı, düz onun üstə gəlsə də, yaman qərəvəlli gəlişi var idi. Ya hələ onu görməmişdi, ya da özlərindən biri sanırdı. Çox qəribə vəziyyət yaranmışdı. Əsgər düz onun qabağından keçib getdi. Seyid gülməkdən özünü güclə saxladı. Zalım oğlu ayaq üstə yatıb ki, sən bundakı məharətə bax a, yata-yata da gəzmək olarmış…

Seyid onun arxasınca addımlamağa başladı. Seyidə bir gic gülmək gəlmişdi, ancaq içində sıxırdı. Əsgər getdi, bu getdi, görək axırı necə olacaq? Qəfil əsgər dayandı və cəld marşrutu üzrə geri döndü, ancaq hələ oyanmamışdı. Birinci addımını atdı və gözünü açdı, daş qayaya dirənmişdi. Hələ də kəsdirə bilmirdi ki, nə baş verir? Qarşısındakının kim olduğundan da xəbərsiz idi. Seyid yuxarıdan-aşağı onun gözlərinin içinə elə baxırdı ki, bu baxışların qarşısında tab gətirə bilməzdi… O, ya hələ oyanmamışdı, ya da elə ayaq üstəcə ölmüşdü. Əsgər Seyidin sinəsindən idi. Seyid vəziyyəti uzatmadan ani sıçrayışla əsgərin boynundan yapışaraq, onu yerə yıxdı. Və ani bir hərəkətlə də əsgərin çənəsini boynun ardına çevirdi. Əsgər deyəsən, həqiqətən ayaq üstə ölmüşdü, heç cınqırı da çıxmadı. Seyid onu ehtiyatla ağzıüstə yerə qoydu. – Ye, ye, şərəfsiz, ye, bu torpağın tozu da sizə haramdır, – deyə onun ağzını torpağa sürtdü. – Necə ki, indi haram edəcəm – dedi və kitelinin yaxalığını buraxdı. Əsgərin silahını çəkib boynundan çıxartdı. Adi “5,45” Kalaşnikov avtomatı idi – şərəfsizlər, hələ də bu qadağan olunmuş silahı işlədirlər – dodağı qaçdı.

Seyid zəif işığa doğru addımlamağa davam etdi. Bu işıq kazarmanın girişində, qapının üstündə yanırdı. Yanından bayraq da asılmışdı. Çox qəribə bina idi. Heç hərbçilər qalan yerə oxşamırdi. Uçuq-sökük, təmirsiz bina, tamam sökülmüş, çala-çuxur asfalt örtüklü meydaça-həyət, bizim üzüm bağlarından sökdükləri beton dirəklərdən düzülmüş səkilər. Bir sözlə, yəqin ki, sovet dönəmindən qalma hansısa idarə binası idi. Bura nədir ki, burdakılar da nə ola? -düşüncəsi ilə girişə yaxınlaşdı. Sıçrayıb bayrağın parçasından yapışdı. Necə dartdısa, şaqqıltı ilə sapı sındı. Başıaşağı sallanmağa başladı. Seyid cəld içəri girdi. “Tumboçka”-dakı əsgər yatmışdısa da, yəqin bayrağın səsinə oyanmışdı. Əsgər Seyidi görən kimi özünü düzəltdi, əlini baş geyiminə aparıb öz dillərində nəsə bir söz qışqırdı. Qəfil gələn iri cüssəli, zəhimli bu qonağın iti baxışları qarşısında özünü itirən gənc əsgər birdən xatırladı ki, “YAT” komandası çoxdan olub, artıq səhərə yaxındır, səhfini düzəltmək qərarına gəldi. Uzun-uzadı nəsə qışqırmağa başladı.

Bu müddətdə Seyid ətrafı əməlli-başlı nəzərdən keçirdi. Gün növbətçisi girişdə, silah otağının qapısının ağzında dayanmışdı. Armaturdan olan qapı adam başı keçən iri şəbəkəli idi. Seyid içəri göz gəzdirdi. Silah-sursatdan başqa, xeyli də üst-üstə yığılmış yeşik var idi. Bunlar partapart partlayacaq ha… – Seyid düşündü. Sol tərəfdə bir neçə otaq var idi. Rabitəçi otağını o saat tanıdı – qapının üstündə sovetin rabitəçi nişanı və nəsə bir  cədvəl var idi. Yəqin bu da zabitlər otağıdır. İçəridən xorultu səsi gələn otağın qapısına baxdı. Solda, dəhlizin qurtaracağında böyük taybatay açılmış ikilaylı bir qapı var idi. Bura da əsgərlər yatan yerdir, – deyə düşünürdü ki, qolu sarğılı bir əsgər bu qapıdan çıxıb, süngüsü dizinə dəyə-dəyə, yarıyıxıla-yarıdura səndələyə-səndələyə ona tərəf qaçmağa başladı.

Seyid gün növbətçisinin lap yanında dayanmışdı, gələnə baxırdı. Növbətçi Seyidə çathaçatda sağ ayağı necə büküldüsə, diziüstə yerə düşdü. Görünür, pis yatıbmış, ayaqları tamam keyyib. Seyid ona sətr bir nəzər saldı və sadəcə, başını buladı. Növbətçi cəld özünü düzəltdi, əlini baş geyiminə apardı və yalnız, indi qarşısındakının kim olduğunu anladı, lakin artıq çox gec idi. Seyid alıcı quş kimi sol əli ilə onun kepkasının günlüyündən tutaraq gözünün üstünə elə çədi ki, az qaldı boynu kökündən qopsun, ancaq qopmadı. Çünki sağ əli ilə də boynunun kökündən yapışmışdı. Seyid novbətçini göyə qaldırdı, ayaqları yerdən üzüldü. Sonra bayaqdan bu mənzərəni kirimişcə seyr edən gün növbətçisinə necə çırpdısa, yapışıb divarda qaldı. O, bu qəfil qonağın kim olduğunu, nə baş verdiyini hələ də anlaya bilmirdi. Yoxlamağa gələn zabitlərdən idi, ya köhnə əsgərlərdən, hələ də aydınlaşdıra bilmirdi. Bir də, hər gün döyülməyə adət etmiş əsgər üçün nə fərqi kimdi döyən? O, ancaq gözləyirdi ki, tənbeh nə vaxt bitəcək. Maraqlıdır ki, zabitlər otağında da gözə dəyən yox idi. Görünür, onlar üçün də belə səs-küy adi hal idi. Seyid sol əli ilə də gün növbətçisinin boynundan yapışaraq onları bir neçə dəfə kəllə-kəlləyə necə vurdusa, ikisi də süst vəziyyətdə yerə düşdü. Bu vaxt növbətçinin süngüsü silah otağının qapısına toxunub səs elədi. Seyid cəld qurbanlarını yerə buraxıb, rabitəçi otağı güman etdiyi qapıya qaçdı. Səksəkəli yatan rabitəçi səsə oyana bilərdi. Seyid yanılmamışdı, bu rabitəçi otağı idi, ancaq rabitəçinin dünya vecinə deyildi. Telefonun dəstəyi əlində elə yatmışdı ki, top da atılsa, oyanmazdı.

Seyid şirin-şirin yatan rabitəçiyə yaxınlaşaraq, ehtiyatla telefonun dəstəyini onun əlindən aldı. Sonra onun qolunu başının altından götürüb telefonun şunurunu boğazına doladı və var gücü ilə sıxdı. Rabitəçi bir-iki dəfə yüngülcə çapaladı, vəssalam. Seyid bütün şunurları dartıb qopardı, aparatların işığı söndü. Seyid otaqdan çıxıb qapını sakitcə örtdü. Xorultu səsi gələn otağın qapısına iki əl qumbarası bərkidib, halqalarına jilka bağladı və sonra şpilkaları düzəltdi. Silah otağının qarşısında dayandı, dörd əl qumbarasını da içəridəki qapının ağzına qoydu. Jilkaları cütləyib girişdən bayıra çıxartdı və tez də içəri qayıtdı. Girişdə alt paltarında bayıra çıxan əsgərlə qarşılaşdı. Onu saxlamadı – işi var, qoy getsin. Əsgər də öz hayında idi, ona fikir də vermədi. Sağa – dəhlizi axıra qədər getdi. Taybatay açılmış qapıya çatanda əl qumbaralarının ikisi döyüş vəziyyətində idi. Çatdı, içəri bir addım atdı. Bir sağa, bir sola baxdı, ikimərtəbəli əsgər çarpayıları dolu idi. İki-iki yatanlar da vardı. İlahi, bu nə iy-qoxdu, nə üfunətdi, belə yerdə insanmı yaşayar? – deyə düşündü Seyid. Tez də fikrindən vaz keçdi… İçəridən gələn baş çartladıcı üfunət qoxusunun da təhriki ilə qeyzlə hamının intiqamını alırmışcasına əl qumbaralarını eyni vaxtda çal-çarpaz, birini sağa, birini sola, çarpayıların üstünə atdı. Qoy, gəlsinlər, çıxışda gözləyirəm – dedi öz-özünə. Cəld silah otağının yanına qaçdı. Arxasınca əvvəlcə partlayış, sonra ah-nalə, tükürpədici bağırtı qopdu. İki dənə də əl qumbarasını silah otağının içərisinə dığırladı və bayıra qaçdı – xorultu gələn otaq silah otağı ilə divar qonşusu olduğuna görə orda yatanların xorultusuna haram qatmadı Seyid. Lakin kim vaxtına qədər dözməyib tez oyansa idi, Seyid onun «hədiyyəsini» qapıdan asmışdı. Seyid əvvəlcədən nəzərdə tutduğu, girişə tam nəzarət edən mövqeyinə çatanda arxada çox güclü partlayış oldu – bu, dəqiq əl qumbarası deyildi. O, diqqətlə baxdı ki, görsün, bu nə idi?

İkinci partlayış elə güclü oldu ki, bina ortadan iki yerə ayrıldı. Bu anda Seyid cütlədiyi jilkanı var gücü ilə çəkdi; bir, iki, üç… partlayış səsləri ucaldı. Əl qumbaralarının səsi partlayan silah-sursatın səsindən güclə seçilirdi. Arada raket də uçurdu, mina da partlayırdı – bir sözlə, əsl atəşfəşanlıq düzəltmişdi Seyid. İndi əlində birinci rastlaşdığı, “qorxu bilməz”, yatılı da gəzməyi bacaran “igiddən” aldığı avtomat bu atəşfəşanlığı seyr edə-edə girişə nəzarət edir, bağıra-bağıra bayıra qaçanları bu əziyyətdən qurtarırdı. Seyid ötən müddət ərzində «xoşbəxt etdiyi» düşmən əsgərlərinin sayını itirmişdi. Pəncərələr dəmir barmaqlıqlarla bağlandığı üçün şərəfsizlər qapıdan çıxmağa məcbur idi. Seyid isə onları səbirsızliklə gözləyirdi. Bu minvalla Seyid düşmən əsgərindən götürdüyü avtomatındakı patronların hamısını atdı. Sovetdən qalma sandıq çantasındakı dörd sandığı da boşaltdı. Sonra avtomatı yerə ataraq, kitelini və bretini çıxardıb elə qoydu ki, baxan elə bilsin kimsə var. Özü isə, gələndə gözaltı etdiyi ikinci mövqeyi tutdu. Bu,  dağılmış asfalt örtüyün qurtaracağında, həyətin kənarında köhnədən qalmış beton örtüklərin arası idi. Seyid buradan dairəvi müşahidə aparır, hər şeyi dəqiq görürdü. Bura həm də çıxış üçün rahat idi. Seyid istəsəydi, gəldiyi kimi də çıxıb gedərdi, ancaq onun planında dönüş yox idi. Sonuna qədər irəli…

Seyidin saatdan xəbəri olmasa da, hiss etdi ki, səhərə çox az qalıb, dan yeri sökülmək üzrədir.

…Bir az uzaqda partlayış səsləri eşidildi: bir, iki, üç… hə, təlyə siçan düşüb, – deyə düşündü Seyid. İndi harda olsalar, gəlib çıxarlar. Mövqeyini bir də yoxladı Seyid. Sağdan-soldan, öndən-arxadan təhlükə yox idi, lap top atsınlar. Düşmən düşərgəsi demək olar ki, yanıb qurtarmaq üzrə idi. Ara-sıra tək-tək əsgərlər atəş açsalar da, yaxına gəlməyə heç kəs cürət etmirdi. Seyid alt paltarında qaçanların heç birinə güllə atmadı, axı ata-babadan eşitmişdi ki, igid basdığın kəsməz, həm də o, qabağına duracaq adam axtarırdı, ancaq burada beləsi yox idi… Arada ordan-burdan əsgərlərin necə qorxa-qorxa ona tərəf  boylandığın görürdü. Elə bil, onlar atəş açmağa da qorxurdular, sanki kimisə gözləyirdilər. Seyid xatırladı ki, axı bunlar kölgəsindən qorxanlardır, yəqin dovşandan qorxanları gözləyirlər. Qoy, gəlsinlər – deyə düşündü Seyid.

Artıq sübhün ilk işartıları sezildiyi anda həyətə girən maşınların uğultusu eşidildi və eyni anda hər tərəfdən güllə yağmağa başladı. Ancaq Seyid tələsmirdi, yaxınlaşmalarını gözləyirdi – boşa güllə atmaq istəmirdi. – Gəlin, şərəfsizlər, bir balaca şərəfiniz varsa, yaxınlaşın, – deyə-deyə gözü önündə “Uzaq sahillərdə” filmində Mehdinin meydanın ortasında faşistləri gözlədiyi səhnəni canlanırdı. Yox, yox, Seyid heç bir şəraitdə özünü partlatmazdı – özünə xəsarət yetirməyin ən böyük günah əməllərdən biri olduğunu lap körpəlikdən bildiyi üçün bu barədə heç vaxt fikirləşməmişdi belə. Silah-sursatını bir daha yoxladı, öz avtomatından bir-iki güllə atmışdı – deməli, onunla xeyli atışmaq olar. Bütün sandıqları doludur. Hələ cibində dolu daraqlar da var, üç dənə əl qumbarası da. Tüstü şaşkaları da durur, lazım olar.

Gəlin, gəlin – desə də, dovşandan qorxanlar uzaqdan səs-küy etməyə üstünlük verirdilər. Seyid onların da sırasına vər saldı. Seyid gördü ki, əl damının arxasında biri digərlərini başına yığaraq nəsə göstəriş verir. Aradakı məsafə 35-40 metr ancaq olardı. Ya Allah, – deyib, iki əl qumbarasını elə ustalıqla atdı ki, topanın tən ortasına düşdü. Elə bil, arının yuvasını qurdaladın. Bundan sonra dovşandan qorxanlar dovşan kimi ora-bura qaçmağa başladı. Seyid ovladığı «dovşanların» sayını çoxdan itirmişdi. Şərəfsizlər əl qumbaraatanlarından və avtomatik qumbaraatanlardan atmağa başladılar. Mərmilər beton örtüklərə dəydikcə, qopan qəlpələrdən çıxan səs-küy, uğultu Seyidin beynini içəridən yeyirdi. O, bir peşəkar kimi insan orqanizminin bu vəzyyətdə çox davam gətirə bilməyəcini bilirdi, ancaq mümkün qədər çox «dovşan» ovlamaq lazımdır, yol azuqəsi üçün – o, düşündü. Hiss edirdi ki, istəmədiyi hərəkətləri edir, beyni sarsıdıcı uğultunun, canqa-curuq səs-küyün içində sızıldayırdı. Yaralanmasa da, özünü yaxşı hiss etmirdi. Lazım olmadığı anda qalxır, fırlanırdı. Qəflətən gicgahından arı sancdı sanki, əlini başına apardı, deyəsən, başına nəsə dəymişdi. Yəqin “AQS” qəlpəsidir, gör a, bu qədər ehtiyatla hazırlaş, dəbilqəni götürmək yaddan çıxsın, əgər indi başımda olsadı, heç bu zibil də başıma dəyməzdi, bir az da qırardım bu şərəfsizlərdən, ona görə komandirlər həmişə deyərdi ki, “kaska” əsgərin ikinci başıdır, döyüşə “kaska”sız gedən elə bil bir başla gedir, ona da bir şey olanda, bax belə olur, – dedi öz-özünə Seyid. Lakin hər şey qaydasında idi, Seyid sonuncu əl qumbarasını yaxınlaşmaq istəyən qrupun üzərinə atdı. Bir tərəfdən uğultu, bir tərəfdən yaralı «dovşanların» cığıltısı Seyidin beyninə işləyirdi. Gözü açıq olsa da, arada sanki yumulur, gözünün qabağına dağlar gəlir, həmişə Günəşin batdığı yerdə, Günbatanda Günəş doğurdu. O, başını silkələdi – lənət şeytana, bu nədi belə? Gündoğana baxdı, dan yeri al qana boyanmışdı, Günəş dağların arxasından doğmaqda idi Günbatanda. Seyid ani olaraq nəsə düşünərək, tüstü şaşkasının birini çəkib atdı. İkincisini də ondan bir az qabağa atdı. Ətrafı qırmızıya, boza çalan göy tüstü bürüdü. Seyid dayandığı mövqedən çıxıb, sökülmüş asfalt örtüklə torpağa tərəf getdi.

İndi o, örtüyün qurtardığı yeri, bizim bağlardan sökülən beton dirəkdən olan səkini aydın görürdü. Bu anda «çıp, çıp» iki səs gəldi qulağına, öndən bir balaca sağ tərəfdən sanki iki arı eyni anda sancdı. – Bu it arıları ilə çox oynadım a, deyəsən – düşündü Seyid. Sol böyründə ağrı hiss etdi, əlini yumşaq komfilyaj köynəyinin üstü ilə aşağı sürtdü. Solda, aşağıda baş barmaq girən böyüklükdə yara açılmışdı, bu da son – düşündü Seyid. Üzünü göyə tutub, – Allahım, bu mərtəbəni mənə çox görmə, məni yaralı bu şərəfsizlərə əsir etmə – dedi. Üstündə quru otlar olan torpağı görürdü. İstədi oraya çatıb torpağın üstünə uzanaraq dincəlsin. Səki ilə arasında üç-dörd addımlıq məsafə var idi. Hər tərəf tüstü idi, hiss etdi ki, iki dəstəkli avtomatı ona ağırlıq edir, istədi atsın, ancaq komandirlərinin sözü qulağında cingildədi: “Əsgərin silahı arvadından irəlidir”.

O, avtomatı atmadı, ancaq avtomat özü sürüşüb düşdü əlindən. Bir-iki addım atıb səkiyə çatdı. İndi 5-6 sm-lik səki onun qarşısını kəsmişdi. Bu qədər dağları, dərələri aşasan, bir “barduru” keçə bilməyəsən – deyə düşündü Seyid. Son gücünü toplayıb, bir addım da atdı, asfalta yıxılmaq istəmirdi. İstəyirdi ki, illərdir mərd oğulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən vətən torpağına yetirsin özünü… Ayağı səkiyə ilişdi, yıxılmadı, səndələdi bir az… Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı – sol yaman incidirdi. Sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa: İlahi, hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza – dedi və başını qolunun üstünə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı, yanına düşdü. Göy üzünə baxa-baxa kəlmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatandan doğan Günəşə tərəf gedirdi… Sanki kimsə onu gəzdirirdi: bura Ağdərədir, bura Kəlbəcərdir, bura Laçındır, bura Göyçədir, bura Borçalıdır, bura Dərbənddir, bura İrəvandır, bura Zəngəzurdur, bura Təbrizdir, bura Füzulidir, bura Zəngilandır, bura Qubadlıdır, bura Cəbrayıldır, bura Xocavənddir, bura Ağdamdır, bura Xocalıdır, bura Xankəndidir, bura Şuşadır – Qaladır eee, Qala, bura Qarabağdır – bura dünyanın mərkəzidir, bura bəşəriyyətin beşiyidir, bura Adəmin vətənidir, bura Azərbaycandır. Bu torpaqlar türk oğluna Uca Tanrının ərmağanıdır, bu torpaq Adəmin yoğrulduğu torpaqdır, bu torpağın uğrunda şəhid olmaq hər kəsə nəsib olmur…

O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bayaq bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatandan doğan Günəşə doğru gedirdi. Birdən dayandı, mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım vətən oğullarına, – düşüncəsi ilə uçdu göylərə…

İndi Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir – deyir…

07-21 fevral 2011. BAKI.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================

RİZVAN FİKRƏTOĞLU “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

RİZVAN FİKRƏTOĞLU “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB :

36088055_2016591278605896_7074805717793767424_n

 

ZAUR  USTAC  ƏNƏNƏYƏ  SADİQ  QALARAQ  YAZARLAR  ADINDAN  “YAZARLAR”-IN YAZARI  “ZİYADAR”  MÜKAFATINI  GƏNC YAZAR  RİZVAN FİKRƏTOĞLUNA “AYAQ SƏSLƏRİ” ADLI YENİ – İLK KİTABININ İŞIQ ÜZÜ GÖRMƏSİ MÜNASİBƏTİ İLƏ TƏQDİM EDİB VƏ  XOŞ ARZULARINI ÇATDIRIB. TƏQDİMAT MƏRASİMİ “AKADEMKİTAB” KİTAB EVİNDƏ BAŞ TUTUB.

36041968_2016593675272323_8320459972957700096_n

TƏBRİKLƏR, UĞURLARINIZ BOL OLSUN !!!

YAZARLAR.AZ

ZAUR USTAC “ƏLİŞ VƏ ANNA” POEMASI

kremlb

Bildiyiniz kimi 2022 – ci ildə, təxminən Aprelin 20-21- də Əliş bəy Kərəmlinin (onu Avropada Alis kimi tanıyırlar) anadan olmasının 700 ili tamam olur. Poema görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır. Ümumilikdə bu kitab Əliş bəyin əziz xatirəsinə ithaf olunur. Ruhu şad olsun… Elektron  Kitab  (Y-30-EK-21-ZU) Zaur  Ustac  yaradıcılığının  30  illik yubiley  tədbirləri  çərçivəsində   nəşr  olunur.  PDF:  ALİSVEANNA-ZU

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR

 

 

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

 

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. PDF: HXA-OMURAN

2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. PDF: HXA-OTUZFİKİR

 

YAZARLAR.AZ

Zaur Ustac: – YEKƏ MƏKTƏBİN YEKƏ DƏRDİ və ya ZAMANIN GİZLƏTDİYİ RƏSM.

meadnflag-11

YEKƏ MƏKTƏBİN YEKƏ DƏRDİ və ya ZAMANIN GİZLƏTDİYİ RƏSM

On il get-gəldən sonra, axır ki, kənd məktəbindən güc-bəla canımı qurtardım. Bir xeyli avaralandıqdan sonra bu qənaətə gəldim ki,  gərək mən də yekə məktəb oxuyam. Bu fikir-xəyal ilə gəldim Bakiyə…  Aradım, axtardım sonda lap o yekə məktəbi tapdım. Məktəb, nə məktəb… Dağ boyda… Başı buludlara dəyir… Bu mənim lap xoşuma gəldi, məni yaman  sevindirdi, əlqərəz çox xoşhal oldum… Elə doqqazdan içəri keçmək istəyirdim ki, gözüm sataşdı, sol tərəfdəki divarda olan rəsmə… Bu rəsm də çox xoşuma gəldi… Şəklə az baxmışam, çox baxmışam onu deyə bilmərəm… Şəkil də nə şəkil… Gördüm şəkildə şikil kimi bir oğlandı durub. Əli də cibində. Deməli, tam olaraq mənzərə belədir, bir əlində kitab tutub, o biri əlini də qoyub cibinə. Cib də ki, az qalır partlasın… Buradan məndə belə bir yəqinlik hasil oldu ki, yəni əgər oxumaq istəyirsənsə, vacibdir ki, əlin mütləq cibində ola… Necə deyərlər, “arifə bir işarə bəs eylər…” Mən də ki, arif adam. Çar-naçar qayıtdım geri, mən də ciblərimi hörüb təzədən gəldim məktəbə…(öldü var, döndü yoxdu – oxuyajam) Əlimi də qoymuşam cibimə – biliyim tökülməsin… Elə, içəri girmək istəyirdim ki, keçərətdəcə məni yekə qarın, yekə burun, başının ortası yox, burnunun altında güvə yemiş, sapsarı naftalin iyi verən cıqqılıca bığı, boynunda nazik, uzun qarnının üstünə Yer kürəsin ikiyə bölən yaşıl zolaq kimi aşırdığı xaltası olan  bir “kişi” saxladı:

– A bala, hələ bir dur görək, belə qaranəfəs hara gedirsən, May da ha döyülü deyəm gilasın sezonudu – iyuldu deməli, hələm gilasın sezonuna da çox var… Görürəm, diribaş uşağa oxşuyursan, amma bir əması var. O gördüyün şikil  çoxdan köhnəlib. Daha cib zəmanəsi döylü, bala… Vallahi də döylü, Billahi də… Tay cibişdan zəmanəsi çoxdan ötüb… İndi oxumaq istəyənin yedəyində gərək diplom atı olsun, diplom atı…

Matım-qutum qurudu qaldım belə… İndi məni dərd götürüb, mən yazıq, borc-xərc bu diplom atın aldım, bəs onun yükünü necə tutacam???

29.07.1991. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye

Gülşən Mustafa Zaur Ustac haqqında

 

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on yeddinci  yazı:

 

QTFS

Məncə bütün yazarlar özlərini yazırlar. Bir mətndə ki, yazarın ruhu, kimliyi duyulmadı o boğazdan yuxarı deyilmiş söz yığınıdır. Zaur Ustac yaradıcılığında da onun öz dünya görüşü, vətən sevgisi, insani dəyərləri, hissləri aydın sezilir. Şairin vətən sevgisi təqdirə layiqdir. Uğurlar Arzu edirəm!

Müəllif: Gülşən Mustafa

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Şirməmməd Həsənovdan səmimi sözlər…

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on altıncı  yazı:

 

QTFS

Hörmətli və dəyərli şairimiz Zaur Ustac, mən sizin yaradıcılıgınızla, yazdıgınız şerlərlə demək ola ki, sosial şəbəkələrdən tanışam. İlk dəfə sizin şeinizi oxuyanda mənim diqqətimi yazdıgınız hər misra haralara aparmadı ki,…. Elə həmən gündən bütün şerlərinizin vurğunuyam. Kaş bütün şairlərimiz sizin şerləri oxuyaydılar və öz yazdıqlarına qimət verəydilər. Sizlərə can saglıgı və yaradıcılıgınızda ugurlar arzulayıram…

Müəllif:  Sirmemmed Hesenov

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Dünyamin Məmmədov: “Ləyaqətli qələm sahibi, Zaur Ustac.”

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on üçüncü  yazı:

 

QTFS

Zaur Ustac yaradıcılığını mən həmişə maraqla izləmişəm… Mövzu rəngarəngliyi, səmimi duyğuların ifadə olunması, həyati mövzulara diqqət yetirməsi və s. xüsusiyyətlər  əsas məziyyətlər olub, oxucular üçün həmişə oxunaqlı eyləyir… Layihə üçün seçilmiş şeirin hər biri haqqında mən yalnız xoş sözlər deyə bilərəm…Əgər sıra ardıcıllığı ilə desəm,ilk şeir “Söz müqəddəsdir” adlanır…Doğrusu, bu şeirin elə ilk misrası məni tutdu: “Dostum, kəmənd ilə tutmazlar sözü, Cələ qur, dilinə qoy özü düşsün… “ Söz haqqında poeziyamızın dahilərinin söylədiyi fikirlər arasında, məncə, bu gözəl misraların da özünəməxsus yeri vardır… İkinci şeiri də bütünlüklə bəyənirəm… Burada da ecazkar Vətən torpağının gözəl tərənnümü vardır: “Gəzdim, qarış-qarış Vətən torpağın, Hər dağda, dərədə izim var mənim!… Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim!…” – “Dağlar” şeirini oxuyanda ustad Ələsgəri necə xatırlamayasan axı?!… Bu gözəl qoşmada təbiətin gözəlliyi ilə yanaşı yurd dərdi, el-obanın mövcud vəziyyəti də reallıqla təsvir olunmuşdur; “Dünya belə qalmaz, dəyişər zaman, Yenə dövran olar, həmənki dövran, Bulaqlar başında məclislər quran, Oğullar ərsəyə gələli, dağlar!… “ Şairin  Vətən haqqında şeirlərinin  yaradıcılığında ayrıca bir yeri vardır… Harada yazılmağından asılı olmayararaq, belə əsərlərdə torpaq sevgisi sanki bir qırmızı xətlə keçir… Əsgər balladsı adlandırdırılmış şeirdəki bu bəndi də çox bəyəndim; “Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq… Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! “Vətəni ana adlandırmaq hər bir oğulun borcudur. Zaur Ustacın npoetik qələmi öz borcunu ləyaqətlə yerinə yetirən bir şair-oğulun qələmidir… “Dostum” adlı şeirdə insanları doğru yaşamağa çağrış, “Həqiqət” şeirində isə dünyanın, həyatın, yaradılışın fəlsəfi gerçəkliyi öz  əksini tapmışdır… Hörmətli Zaur bəy, Sizə gələcəkdə də yaradıcılıq uğurları arzulayır və bir oxucunuz kimi əsrlərinizi oxumaqdan həmişə zövq alacağıma inanıram… Sağ olun, var olun!…

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

 

Müəllif:  Dünyamin Memmedov

Şəhin Senayi Fərd: Zaur Ustac haqqında.

 

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on ikinci yazı:

QTFS

 

“Budağindan qopmuş;yaşil yarpağam;

Təbiət alibdi qoynuna məni.

Haraya gedirəm özüm də bilməm; .

Tanrim yönəldir yoluna məni…”

Zaur Ustac-Bakı

 

Zaur müəllimin mənali şerlərində ayıqlıq  qanad çalır,  o  halda ki,  yatanları  duru yol – yolağa çağırır,  duyğların hamı ilə  pay-bölüş edərkən …  Qələminin gücü və vücudunun sağlığı  arzumdu…

Sayqılarla: Şəhin Senayi Fərd.

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.