GÜLÜNÜN ŞEİRLƏRİ

SXO

Zaur  USTAC

 

 

 

 

 

 

GÜLÜNÜN

ŞEİRLƏRİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI   –    2016

Zaur USTAC

“Gülünün şeirləri”

Üçüncü nəşr – 2016, 28 səh.

 

 

 

 

 

 

Bu  kitabda əlifbamızda olan bütün hərflərə aid

maraqlı və əyləncəli uşaq şeirləri, həmçinin “ 1”

-dən “10” –qədər  rəqəmlərə aid tapmaca –

şeirlər toplanmışdır.

 

 

 

İSBN  978-9952-8298-0-8

 

 

 

©Zaur USTAC., 2012.

©Zaur USTAC., 2016.

©Zaur USTAC., 2016.

 

 

 

 

 

KİTAB  HAQQINDA

 

 

Dəyərli oxucum, əlinizdə tutduğunuz bu kitab

əlifbanı yenicə öyrənməyə başlamış kiçik yaşlı

uşaqlar üçün nəzərdə tutulmuşdur. Deməli, kitab bilvasitə  bu  körpə, fidan balalara şeir öyrədənlərə kömək məqsədi ilə qələmə alınmışdır. Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül  hecalı  şeirlər  və 1-dən 10-dək rəqəmlərdən bəhs edən tapmacalar toplanmışdır.

Kitab məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olmaqla yanaşı,  ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə aid şeir əzbərləyin” – tapşırığın da qarşılamaq iqtidarındadır.

Əsasən orta məktəb-liseylərin birinci sinifləri üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutulduğundan  şeir və tapmacaların düzülüşü hərf və rəqəmlərin proqramla keçilmə ardıcıllığına uyğun gəlir.

OXUYAQ, ÖYRƏNƏK, İNKİŞAF EDƏK!!!!

 

 

“ A “

 

A ilə Ana deyə,

Aləmə səs salırıq.

Azərbaycan sözünə

A ilə başlayırıq.

 

 

Ata, Ana tək sözlər

A-nın nəfis ilməsi

A-dan Z-yə hərflər

Allahın bir töhfəsi.

 

 

 

“ 1 “

 

Asan bir sual verim,

İnan, yoxdur beləsi.

Üçdən iki çıxanda

Söylə, qalır neçəsi?

 

 

 

 

“ 2 “

 

Hansı qoçaq tez deyər,

Söyləyin ay uşaqlar?

Xor-xor yatan pişiyin,

Neçə xumar gözü var?

 

 

“ 3 “

 

Kvadrat dörd bucaq,

Dairə bütün olar.

Üçbucağın bəs onda,

De, neçə bucağı var?

 

“ 4 “

 

Dünyanın dörd tərəfi,

Damın dörd dayağı var.

Ən böyük, nəhəng filin

De, neçə ayağı var?

 

 

 

 

 

 

 

“ 5 “

 

Eşitdim, öyrənmisən

İndi daha saymağı,

Adamın bir əlində

Neçə olur barmağı?

 

 

 

 

 

“  N “

 

N, iyirminci hərfdir,

Düşüb qabağa amma.

Çünki, onu bilməsək,

Yaza bilmərik Ana.

 

N, nənəmin ninnisi,

N, nənəmin nehrəsi,

N, nənəmin şipşirin

Noğul kimi nəvəsi.

 

 

 

 

 

 

“ 6 “

Cavabını kim verər,

Belə asan sualın;

Dörd ayağı, qulağı

Neçə edər ulağın?

 

 

 

“ 7 “

 

Bazar  günü gələndə

Çox sevinir uşaqlar.

Bəs kim indi tez deyər,

Həftədə neçə gün var?

 

 

 

“ 8 “

 

At yanında balası,

Gəzirdi otlaqları.

İkisinin bir yerdə

Neçədir ayaqları?

 

 

 

 

 

 

“ T “

 

Tuncay topu tulladı,

Tutu, topu tut görək!

Top-top mənə yaraşmaz,

Mən tankçı olum gərək!

 

Tapançamı götürdüm,

Tüfəngi də ver mənə.

Tankı, topu sazlayım,

Hücum edim düşmənə!

 

 

 

“ 9 “

 

İki əldə bir yerdə

On dənədir barmağım.

Bax, birini qatladım,

Neçə qaldı qoçağım?

 

 

 

 

 

 

 

“ Ə “

 

Əlifbam əlimdədir,

Ə hərfi tanışdır.

Gözümün önündəki

Əlim  Ə – lə başlayır.

 

Nənədə iki Ə var

İki Ə – li nəvə də

Babam Ə – dən küsəndə,

Ona deyirəm dədə.

 

 

 

“ 10 “

 

İnan ki, çətin deyil

Düşünsən, asan olar.

Bir əldə, bir ayaqda

Cəmi neçə barmaq var?

 

 

 

 

 

 

 

“ L “

 

Lalə  dostların yenə

Topladı ətrafına,

Axı, mən nənəmgilə

Getmişdim Lənkərana!?

 

Orda bir ağac vardı,

Meyvələri sapsarı.

Leyla  dadına baxdı,

Büzüşdü dodaqları.

 

 

 

 

“ I “

 

I – nı yazmaq asandı,

Asan da yadda qalır.

Kim tanımır, tanısın

Lap çomağa oxşayır.

 

 

 

 

 

 

 

“ R “

 

Raul əlində fırça,

Yanaşdı molbertinə,

Rənglər rəngə qarışdı,

Oxşatdı raketinə.

 

Rəna görəndə rəsmi,

Dedi, qəşəng rəndədi

Hətta qanadı da var,

Sanki, uçacaq indi…

 

 

 

“ İ “

 

İlqar sevir, idmanı

Hey hoppanır ip üstdən,

İz axtarır bağçada,

O, tez tapır itindən.

 

 

 

 

 

 

 

 

“ B “

 

1 ilə  3 birləşib,

Birlikdə “B” oldular.

Bakı sözün başlayıb,

Kitabı qurtardılar.

 

 

 

 

“ Y “

 

Yabını yəhərləyib,

Yusif mindi, dalına

Yellətdi, yorğa getsin

Bərk yapışdı yalına.

 

 

Yabı heç tərpənmədi,

Bir az əydi boynunu.

Çəkəndə yüyənini

Oynatdı quyruğunu.

 

 

 

 

 

 

“ U “

 

Uğur baxıb göylərə,

Dedi, usta olacam!

Uca bir qüllə tikib,

Ulduzlara çatacam!

 

 

 

“ D “

 

Dəvənin damı damdı,

Durdu, damı dağıtdı.

Dəvətikanı dərib,

Dammayan dam düzəltdi.

 

 

 

“ O “

 

O yumuru hərfdir,

Oxşayır yumurtaya.

Yazmağı lap asandı,

Qələmi kim fırlaya.

 

 

 

 

“ X “

 

Çarpaz iki xətt çəkib,

Adını “X” qoydular.

Xəbər çatdı, xoruza

Dedi, gecikib onlar.

 

 

 

“ M “

 

Malik məktəbə

Bu ildən gedir.

Müəllim ona

Ancaq beş verir.

 

 

Heç bir məsələ

Deyil qaranlıq.

Malik düşünür,

Yalnız bir anlıq.

 

 

 

 

 

 

 

“ K “

 

Kirpi kələmlə bir gün

Gəldi kəllə-kəlləyə.

Dedi, çəkil yolumdan,

Kələm, güldü kirpiyə.

 

 

Sonra, gördü ciddidi

Dedi, əkil başımdan.

Bura mənim yerimdi,

Bir də keçmə qarşımdan!

 

 

Kartofla, kök dözməyib,

Yetişdilər köməyə.

Kirpi başa düşdü ki,

O, məcburdu dönməyə.

 

 

 

 

 

 

 

 

 

 

 

“ Q “

 

Qu quşu qurbağanı

Gördü göl qırağında

Qurbağa oxuyurdu,

Kefində, damağında.

 

Qu dedi, quruldama,

Xoşum gəlmir, qurbağa!

Matı-qutu qurudu,

Lap, karıxdı qurbağa.

 

 

 

“ E “

 

E darağa oxşayır,

Dişi tökülüb, amma.

Üçcə dişi qalıbdı,

Onunla çox oynama!

 

 

 

 

 

 

 

 

“ S “

 

Saatsaz saatları,

Aşıq sazı sazladı.

Saatlar işləməyə,

Aşıq sözə başladı.

 

 

Neçə saat durmadan,

Aşıq söylədi, dastan.

Saatsaz yuxuladı,

Səs gəlmədi saatdan.

 

 

 

 

“ Ş “

 

Şamil şamları,

Qoydu  şamdana.

Çərşənbə günü,

Qalsın axşama.

 

 

 

 

 

 

“ C “

 

Sancağımı bəzəyən

Hilala bənzəyirsən!

Azərbaycan sözünü

Can ilə bəzəyirsən!

 

Ana da balasına

Can deyə cavab verir.

Cahu-cəlal sözünə

C hərfi rəvac verir.

 

 

 

 

“ V “

 

Vaqifin bir vərdişi

Hər şeydən vacib idi,

Vaqonda da, evdə də

Mütləq var-gəl edirdi.

 

 

 

 

 

 

 

“ Ç “

 

Ç hərfi çobanla

Lap çoxdan dostluq edir,

Ç – li çomax həmişə

Çobanın əlindədir.

 

 

Çəməndəki keçisi,

Ç – li çayırı çeynər,

Arxacdakı çəpişlər

Çeşmələrdən su içər.

 

 

Ç – li alaçıq, çadır

Çöldə çobanın evi,

Çoban yaman çox sevir

Ona görə bu hərfi!

 

 

 

 

 

 

 

 

 

 

“ Z “

 

Zanbağı görən kimi,

Zümrüd  dedi, Zeynəbə

Paxıl deyilsən əgər,

Zanbağını ver mənə.

 

 

Zəhra  qarışdı  işə,

Sonra dedi, bu qədər

Tənbəl deyilsən əgər,

Zəhmət çək, özün becər!

 

 

 

 

“ Ö “

 

Çıxıb qunun önünə

Özünü öydü ördək,

Göldə məndən gözəli

Varmı, bir deyin görək!?

 

 

 

 

 

 

“ Ü “

 

Üzdüm üzümü,

Üzdüm, özümə!

İstəyirsənsə,

Gəl, üz özünə!

 

 

Üzüm qurusu

Üzümdən  dadlı,

Qaldıqca olur

Daha faydalı!

 

 

 

“ P “

 

Paşa, əlində maşa

Hücum çəkdi pişiyə,

Burda pişik özüməm

Haydı çıxdın eşiyə!

 

 

 

 

 

 

 

“ G “

 

Hər Günəşin doğması

Yeni günü başlayır,

Günəş qürub edəndə

Demək, gün başa çatır.

 

 

Günəş özü möcüzə

Sirr dolu varlığıyla,

“Bir gün” isə məsajdır

Dünyaya, insanlığa!

 

 

 

“ H “

 

Həsən çıxdı hasara,

Nə yaman hündürimiş.

Hop eləyib, hoppandı,

Hündürdən hündürimiş!

 

 

 

 

 

 

 

“ Ğ “

 

 

Qarğa ilə qurbağa

Getdilər qonaqlığa,

Sağsağanın toyuydu

Düşmüşdülər bolluğa.

 

 

Söz verildi qarğaya,

Sağsağan əhsən dedi.

Qurbağa başlayanda,

Bəyin  ürəyi getdi.

 

 

 

 

“ J “

 

Jalə aldı jurnalı

Baba, ver baxacağam!

Böyüyəndə istəsəm,

Jurnalist olacağam!

 

 

 

 

 

 

TUNCAYA

 

 

Tanrı tutub, ağ torpaqdan mayanı,

Gündoğandan Günbatana  sənindi!

Nişan verib, yeddi günlük Ayını

Əksi düşən tüm torpaqlar sənindi

 

 

Xəzəri ortaya düz qoyub nişan,

Boynuna dolanan Hilal sənindi!

Ən uca zirvələr, ən dərin göllər

Ormanlar, dəryalar, düzlər sənindi!

 

 

Tanrının payıdı, lütf edib sənə,

Tanrıya sarsılmaz inam sənindi!

Ataya, Anaya, qocaya hörmət

Sirdaşa  sədaqət, güvən sənindi!

 

 

 

 

 

 

 

 

 

Zamanla hökm etdin tüm yer üzünə

Hakimiyyət sənin, höküm sənindi!

Aman istəyəni  kəsmədin heç vaxt,

Ən böyük ədalət, güzəşt sənindi!

 

 

Unutma ki, lap binədən belədi,

Mərhəmətli, yuxa ürək sənindi…

Xilas etdi, bağışladı ənamlar,

Yamana yaxşılıq,  ancaq sənindi!

 

 

Döyüşdə, düşməni alnından vuran,

Süngüsü əlində ərlər sənindi!

Savaşda, uçağı kəməndlə  tutan,

Qüvvəsi qolunda nərlər sənindi!

 

 

 

 

 

 

 

 

 

 

 

Dəli-dolu Türk oğullar cahana

Bəxş etdiyi şərəfli ad sənindi!

Adı gəlsə, yeri-göyü titrədən

Qorxu bilməz,  şanlı əsgər sənindi!

 

 

Çöldə simgə etdin Qurdu sancağa,

Kəhər Atın ən yaxşısı sənindi!

Ay-yıldızı nişan tikdin Bayrağa,

Zəkalar, dühalar tümü  sənindi!

 

 

Tutduğun yol tək Tanrının yoludu,

Aydın zəka, tər düşüncə sənindi!

Çoxu deyir, tay dünyanın sonudu,

Fəqət  bilməz, yeni dünya sənindi!!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SİZİN  ÜÇÜN

 

 

Hörmətli  valideyin,  yaxşı  bilirəm ki, əsas yük

yenə  sizin üzərinizə düşəcək. Çünki  bizim fidan

balamız  ya  hələ hərfləri yaxşı tanımır, ya da onun

sərbəst  şeir əzbərləmək vərdişləri formalaşmayıb.

Ancaq, bu şeirlər elə asan və axıcıdır ki,  seçdiyiniz  şeri bizim balaca bala ilə  sadəcə  bir neçə dəfə

təkrar  etmək  kifayətdir ki, o, bu şeri əzbərləsin.

Bunun üçün sizə təxminən 5-6 dəqiqə vaxt

lazım  olacaq. Uşaq  üçün çoxlu pul xərcləməklə

bərabər, azacıq da olsa vaxt da sərf etmək vacibdir.

Hətta, çoxlu pul xərcləməkdənsə, çoxlu vaxt sərf

etməyin  nəticələri daha ürəkaçan olur.

Sizə UĞURLAR!

 

 

 

 

 

 

 

 

 

 

Zaur  USTAC

 

 

“ GÜLÜNÜN   ŞEİRLƏRİ”

 

Kompüterdə yığdı:  Gülü

 

Kitab “Yazarlar”-ın kompüter mərkəzində yığılıb.

 

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.

 

Çapa  imzalandı:  16.02.2016.

(+994)777110575

F/b: Zaur Ustac

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Advertisements